SURAQA İBN MALİK
(23/645-ci ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur. Rəvayətlərə görə məkkəlilər peyğəmbərin hicrət etməsinin qarşısını almaq üçün onu Mədinə yolunda təqib etmişdirlər. Ancaq, bu bir nəticə verməmişdir. Buna görə də onlar, Məhəmməd peyğəmbərin dirisini və ya ölüsünü gətirəcək insana yüz dəvə hədiyyə verəcəklərini elan etmişdirlər.
Bu xəbəri eşidən Suraqa Məhəmməd peyğəmbərin axtarışına çıxmış, onun izinə düşmüşdür. Ancaq, o zaman onun atı büdrəməyə başlamış və o, Məhəmməd peyğəmbər və onun iki yol yoldaşını görmüşdür.
Suraqa onu oxla vurmaq istəmiş, ancaq bunu etmək üçün onun əli qalxmamışdır. Həmin anda onun atının ayaqları quma batmağa başlamış və o yerindən tərpənə bilməmişdir.
Onda Suraqa peyğəmbərdən yardım istəmiş, əvəzində onu izləməyəcəyinə söz vermişdir.